
Rəqəmlərlə danışan strategiya: Sosial media analiz alətləri ROI-ni necə 5-8 dəfə artıra bilər?
- Aziza Guliyeva
- 16 İyul 2025
- Sosial Media
- analiz, sosial media, strategiya
- 0 Comments
Data əsaslı sosial media analizi ilə strategiyalar edən brendlər marketinq xərclərinə görə 5-8 dəfə daha çox gəlir əldə etdiklərini bildirirlər. Amma bu qədər dəqiq qərarlar vermək üçün ilk öncə düzgün məlumat toplamaq və bu məlumatı ölçmək lazımdır. Və bu nöqtədə işin əsas qəhrəmanı olan sosial media analiz alətləri ortaya çıxır.
Sosial media analitikası — sosial profillərinin, paylaşdığın kontentin və ümumi strategiyanın performansını ölçmək üçün istifadə olunan vasitədir. Yəni, bu alətlər bütün məlumatları bir paneldə toplamağa kömək edir ki, uğurunu daha rahat izləyib strategiyanı buna uyğun tənzimləyə biləsən.
Bu yazıda hansı alətlərə investisiya etməyə dəyər və niyə sosial media analitikası uğurlu bir strategiyanın ayrılmaz hissəsidir bunu aydınlaşdıracağıq.
Sosial media analiz alətləri nədir?
Sadə dillə desək, bu alətlər sosial media hesablarına qoşularaq bütün performans göstəricilərini vizual və rahat başa düşülən bir paneldə birləşdirir.
Bu kimi alətlərlə, hər bir platformanın ayrı-ayrı nəticələrinə baxa, ümumi brend performansını qiymətləndirə və hətta rəqiblərlə müqayisə üçün xüsusi dashboardlar qura bilərsən.
Niyə vacibdir? Çünki hansı kontentin daha çox performans verdiyini başa düşmədən doğru strategiya qurmaq mümkün deyil. Kontent hazırlayıb paylaşmaq kifayət deyil əgər bu kontentin nəticələrini izləmirsənsə, sadəcə “boşluğa atırsan”. Bu isə vaxt itkisi və sıfır nəticə deməkdir.
Amma düzgün sosial media analizi alətini tapsan:
- Kontent hazırlığı və analizə sərf etdiyin vaxt azalır
- ROI-ni yüksəldirsən, çünki nə işlədiyini başa düşürsən
- Rəqib analitikası ilə bir addım öndə olursan
- Komanda ilə rahat report paylaşımı əldə edirsən
İndi isə gəlin dərinliklərinə gedək və bu alətlərin hansı növləri, mərhələləri və xüsusiyyətləri var — onlara nəzər salaq.
Sosial media analitikasının 4 əsas növü
Sosial media fəaliyyətini düzgün oxuya bilmək üçün bu 4 analitika növünü tanımaq və tətbiq etmək vacibdir. Hər biri sənə fərqli bir cavab verir: Nə baş verdi? Niyə baş verdi? Sonra nə ola bilər? İndi nə etməliyik?
Gəlin bir-bir nəzər salaq:
1. Təsviri analitika (Descriptive Analytics)
Bu növ sənə sadəcə baş verənləri göstərir.
“Bu post neçə like aldı?”, “Ən çox paylaşılan kontent hansı idi?”, “Harada daha çox şərh gəldi?” – bu tip sualların cavabıdır.
Bu mərhələdə məqsəd — keçmişi başa düşməkdir. Hansı kontent auditoriyanı daha çox cəlb edir? Nə daha çox qarşılıq alıb? Faktları görmək üçün ilk addımdır.
2. Diaqnostik analitika (Diagnostic Analytics)
Yaxşı, artıq bilirik ki, bir post partladı ya da uğursuz oldu. Bəs niyə?
Bu mərhələdə işin “detektivliyi” başlayır.
Diaqnostik analiz trend olan hashtag istifadəsini, paylaşım saatını, kontentin formatını və digər faktorları nəzərdən keçirir. Beləliklə, nəticənin səbəbini tapmağa çalışırıq.
3. Proqnostik analitika (Predictive Analytics)
Bu analitika növü sənə gələcəkdən xəbər verir amma sehrlə yox, keçmiş datalar əsasında.
“Əgər bu tip kampaniya keçmişdə uğurlu olubsa, böyük ehtimalla yenə olacaq.”
Yəni, keçmiş uğurları analiz edib, eyni effektin gələcəkdə də ola biləcəyini proqnozlaşdırır. Strategiya qurarkən riskləri azaltmaq üçün ideal vasitədir.
4. Tövsiyəedici analitika (Prescriptive Analytics)
Və sonda – indi nə etməliyik? sualının cavabı.
Bu növ, keçmiş nəticələrə əsaslanaraq növbəti addımlar barədə konkret tövsiyələr verir.
Yəni, analiz təkcə vəziyyəti izah etmir, eyni zamanda gələcəkdə performansı artırmaq üçün atılacaq addımları da planlaşdırır.
Sosial media analitikasının 7 qatı
Sosial media analizinə tam şəkildə yanaşmaq üçün bu 7 qatlı modeldən istifadə etmək çox faydalıdır. Sadəcə “bir-iki statistikaya baxıb keçmək” deyil, dərinliklərə enmək lazımdır. Gəlin növbə ilə baxaq:
1. Kontent performansı
İlk qat: Paylaşdığın kontent necə işləyir?
Postlar — istər video olsun, istər foto, istərsə də sadə yazı hansı format və mövzu daha çox diqqət çəkir?
Baxmalı olduğun əsas göstəricilər: erişim (reach), klik sayı, izləyici artımı, dönüşüm (conversion) və s.
Yaxşı nəticə verən postlar sənə siqnal verir: “Bu kontentdən daha çox paylaş”.
2. Auditoriya anlayışı
Növbəti mərhələ: Səni kim izləyir?
Sosial media platformalarının özündə bu məlumatlar artıq mövcuddur — yaş, cins, lokasiya, aktivlik vaxtı və s.
Əgər izləyici profili hədəf auditoriyanla üst-üstə düşürsə, super!
Əgər yoxdursa kontent strategiyanı gözdən keçirmək zamanıdır.
3. Əlaqə (engagement) göstəriciləri
Baxış sayı və izləyici sayı gözəl göstəricilərdir, amma real nəticəni engagement verir.
Ən önəmlisi: paylaşım, şərh və qeyd etmə (save) çünki bu aktiv reaksiyalar kontentin insanlara təsir etdiyini göstərir.
Bəyənmə isə çox vaxt refleksdir: insanlar tez-tez sadəcə skroll edərkən like basırlar.
Amma biri zaman ayırıb yazırsa və ya dostuna göndərirsə o zaman kontent yerini tapıb.
4. Dönüşümlərin izlənməsi (Conversion tracking)
Sosial media əsasən tanıtım və əlaqə yaratmaq üçündür. Amma sonda satış və nəticə gətirən hər şey bir addım öndədir.
Problem nədir?
Sosial mediadan gələn dönüşümləri izləmək çətindir. Ona görə müəyyən parametrlər və izləmə sistemləri qurmaq vacibdir.
Bunu necə edə bilərsən?
- Instagram/TikTok Shop funksiyası ilə birbaşa satış imkanı yarat
- Bio’dakı keçidlərə klikləri izləyən alətlərdən (məs. Linktree, Beacons) istifadə et
- UTM linkləri ilə paylaşdığın postlardakı keçidlərə gələn davranışları izləməyə başla
Bütün bunlar sənə göstərəcək: “Bu post birbaşa nə qədər satış gətirdi?”
5. Rəqib analizi (Competitive analysis)
Təkcə öz kontentinlə məşğul olmaq kifayət deyil — rəqiblər də izlənməlidir.
Kim nə paylaşır? Hansı mövzularda danışır? Nə qədər reaksiyalar alır? Hansı auditoriyaya oynayır?
Bu suallara cavab axtararaq sən də öz strategiyanı bazara uyğunlaşdırırsan və öndə qalmağa çalışırsan.
Rəqib analitikası = “Baxıb öyrənmək” + “Daha yaxşısını etmək”
6. Sentiment analizi (Sentiment analysis)
Bəyənmələr gözəldir. Amma insanlar sənin haqqındakı real fikirlərini necə ifadə edir?
Sentiment analizi – brendin ətrafında sosial şəbəkələrdə, forumlarda, şərhlərdə, hətta rəylərdə olan duyğuların analizidir.
Səni tərifləyirlər? Şikayət edirlər? İroniya edirlər?
Bu analizlə sən auditoriyanın emosional münasibətini ölçür və əgər neqativ varsa, düzəltmək üçün vaxtında müdaxilə edə bilirsən.
7. ROI ölçümü (Return on Investment)
Sonda sual budur: “Bu qədər vaxta, insana, resursa dəyərdimi?”
ROI – sosial mediaya qoyduğun bütövlükdə sərmayənin qarşılığını ölçmək üçündür:
Nə qədər xərclədin?
Neçə nəfər bu işdə iştirak edir?
Və nə qədər dönüşüm əldə etdiniz?
Amma bir şeyi unutma: Sosial media yalnız satış demək deyil.
Brend tanıtımı və əlaqə gücləndirmə də “görünməyən gəlirdir.” ROI yalnız manatla deyil, etibar və görünürlük ilə də ölçülür.
Sosial media analizi alətləri saysız-hesabsızdır və düzgününü seçmək bəzən “hansı seriala başlayım?” sualından da çətin ola bilər. Hər biri bir şey vəd edir, amma sənin komandan üçün hansı doğrudan da effektiv olacaq? Gəlin birlikdə baxaq.
Doğru sosial media analiz alətini necə seçməli?
Əvvəlcə əsas suallar:
1. Hansi platformaları əhatə edir?
Alətin Facebook var, amma TikTok yoxdur? Yəni sən hər şeyi yenə ayrı-ayrı yoxlayacaqsan? Olmaz.
➡️ İstifadə etdiyin bütün platformaları dəstəkləyən bir alət seç. Əsas hədəf: bütün məlumatlar bir yerdə toplansın.
2. Büdcən nə qədərdir?
Hər funksiyanın öz qiyməti var. Elə alətlər var ki, aylıq 30$, eləsi də var 500$.
➡️ Marketinq büdcəni əvvəlcədən müəyyənləşdir ki, sonradan “ürəyin düşməsin”.
3. Neçə nəfər istifadə edəcək?
Bəzi alətlər komandaya uyğun hazırlanıb, digərləri isə hər istifadəçi üçün ayrıca ödəniş tələb edir.
➡️ Komanda ölçüsünü nəzərə alaraq alət seçmək, sonradan “giriş haqqı müharibələri” yaşanmamasına kömək edəcək.
4. Hesabat ehtiyacların nədir?
Nə qədər tez-tez report hazırlayırsan? Kimə göndərirsən? Nə formatda olmalıdır?
➡️ Avtomatik reportlar, PDF və Excel çıxışları olan, vizual və anlaşılan hesabat təqdim edən alətə üstünlük ver.
Axtaracağın əsas funksiyalar:
Kontent analizi:
- Post performansının analizi (reach, engagement və s.)
- Kontentləri mövzu başlıqları üzrə qruplaşdırmaq imkanı
- Əl ilə tagləmə və kateqoriyalara ayırma
Rəqib analizi:
- Rəqiblərlə benchmarking
- Rəqiblərin kontent strategiyalarının təhlili
- Sektor üzrə müqayisəli göstəricilər
Engagement izləmə:
- Like, şərh, paylaşım, qeyd etmə – hamısının statistikası
- Ən çox performans göstərən postların identifikasiyası
- Ən ideal paylaşım saatlarının təhlili
Kontent kəşfi (content discovery):
- Açar sözlər üzrə axtarış
- Viral kontentlərin aşkarlanması
Monitoring və sosial dinləmə:
- Real şərhlərə çıxış (təkcə statistika yox!)
- Brendin adı ilə bağlı mention və sentiment izləməsi
Hesabatlar:
- Avtomatik hesabatların generasiyası
- Məlumatların çıxışı (PDF, CSV və s.)
- Keçmiş məlumat arxivinə çıxış
Çoxplatformalı dəstək:
- Facebook, Instagram, TikTok, LinkedIn və s.
- Platformalararası müqayisə
- Digər proqramlarla inteqrasiya
İntegrasiyalar da vacibdir!
Alət seçərkən diqqət etməli olduğun son detal texniki uyğunluq. Alət sənin digər sistemlərinə “yapışmalıdır”.
Ən faydalı inteqrasiya nümunələri:
- E-mail kampaniyaları ilə inteqrasiya (bütün marketinq performansını bir yerdə izləmək üçün)
- API bağlantısı (daxili dashboardlara data çəkmək üçün)
- Açar söz axtarışı platformalar üzrə
- Real şərhlərin analizi
- Region üzrə paylaşım saatlarının optimallaşdırılması
Yekun olaraq: analiz aləti “rəqəmlərə baxmaq” üçün yox, qərar vermək üçün olmalıdır. Sənin üçün işləyən, komandanı yormayan və nəticəni artıran bir alət — ən doğrusudur.


Leave A Comment